Gəncə şəhər Heydər Əliyev Mərkəzi (Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi), Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi və  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə "StartUP və karyera imkanları" mövzusunda "LevelUP" forumu keçirilib.

Forumun açılışında Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova və ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov çıxış ediblər.

Çıxışlarda ölkəmizdə gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söz açılıb, onların təhsil və karyera imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə həyata keçirilən tədbirlərin gənclərin gələcək inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Panel müzakirələrdə müxtəlif sahələri təmsil edən mütəxəssislər tərəfindən gələcəyin peşələri və texnologiya sahəsində yaranan imkanlar, karyera quruculuğu, motivasiya və liderlik bacarıqları, şəxsi potensialın düzgün müəyyənləşdirilməsi, eləcə də startap ekosistemində ideyaların formalaşmasından reallaşmasına qədər olan proseslər barədə çıxışlar təqdim olunub.

Forum iştirakçıların sualları və fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, "LevelUP" layihəsinin əsas məqsədi gənclərin karyera və təhsil imkanlarını genişləndirmək, onların dövlət və özəl sektorla əlaqələrini gücləndirmək, həmçinin peşəkar təcrübə və bilik mübadiləsinə şərait yaratmaqdır.