Aprelin 22-də Milli İncəsənət Muzeyində Xalq rəssamı Cahangir Rüstəmovun (5.3.1926 – 13.2.2007) 100 illik yubileyinə həsr olunmuş “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərgi açılıb.
Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın muzeyin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və şəxsi kolleksiyalardan seçilmiş, yaradıcılığının müxtəlif dövrlərini əhatə edən 40-dan çox əsəri nümayiş olunur.
Tədbiri giriş sözü söyləyən mədəniyyət nazirinin müavini Səadət Yusifova sərginin əhəmiyyətini vurğulayaraq layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, təqdim olunan ekspozisiya yüksək sənətkarlıq nümunəsi olmaqla yanaşı, rəssamın yaradıcılıq irsinin dolğun təqdimatıdır. Direktorun sözlərinə görə, ekspozisiya hazırlanarkən böyük həssaslıq və məsuliyyət nümayiş etdirilib, əsərlər diqqətlə seçilib və bərpa prosesi həyata keçirilib.
Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov sənətkarla bağlı xatirələrini bölüşərək onun yaradıcılığını yüksək qiymətləndirib. Qeyd edib ki, Cahangir Rüstəmov Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə seçilən, əsərlərində dərin məna və milli ruhu ifadə edən sənətkarlardan biridir.
Rəssamın oğlu Eldar Rüstəmov sərginin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib. Vurğulayıb ki, atasının qoyub getdiyi zəngin irs Rüstəmovlar ailəsi üçün böyük qürur mənbəyidir və bu irsin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində rəssamın həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, Cahangir Rüstəmov ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində görkəmli sənətkarlar Səttar Bəhlulzadə və Baba Əliyevdən dərs alıb. Daha sonra Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alsa da, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.
Rəssamın əsərlərində Azərbaycan zəhmətkeşlərinin obrazları, kənd həyatı və milli kolorit zəngin bədii ifadə vasitələri ilə əks olunub. Mövzu üzrə təşkil edilmiş zallarda portret, natürmort və tematik tablolar xüsusi yer tutur.
Sənətkarın yaradıcılığının ilkin mərhələsi İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Ekspozisiyada nümayiş olunan “Qəhrəmanın qarşılanması”, “Pambıq yığımı” kimi əsərlərdə onun fərdi üslubu və bədii axtarışları aydın şəkildə izlənilir.
1950-ci illərdən etibarən portret və məişət mövzularına müraciət edən rəssamın “Hüseyn Qafarovun portreti”, “Eyvan”, “Bakı”, “Balaca köməkçi”, “Ailə sevinci” kimi əsərləri yaradıcılığında yeni mərhələnin başlanğıcını nümayiş etdirir.
Sərgidə kənd həyatına həsr olunmuş tablolar da geniş yer tutur. Rəssam Azərbaycanın müxtəlif bölgələrində apardığı müşahidələri rəngkarlıq dili ilə ifadə edərək zəhmətkeş insanların həyatını realist və emosional üslubda canlandırıb. Qadın əməyinə həsr olunmuş “Yaşıl çay plantasiyası”, “Kolxozçular”, “Tarla zəhmətkeşləri” əsərləri lirik ovqatı və milli koloritin harmoniyasını əks etdirən nümunələr kimi diqqəti cəlb edir.
Ekspozisiyada rəssamın xarici səfərləri nəticəsində ərsəyə gəlmiş əsərlər də təqdim olunur. Fransa və Tunis səfərləri zamanı topladığı təəssürat “Luvr”, “Tələbə qızlar”, “Karfogen yaxınlığında”, “Kayruanlı qızlar” tablolarında bədii ifadəsini tapıb.
Sərgi mayın 31-dək ziyarət üçün açıq olacaq.

























