22-23 aprel tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi üzrə 3-cü Beynəlxalq Konfrans” (ITTA 2026) keçirilir.
Elm və Təhsil Nazirliyi, AzMİU, nazirliyin Riyaziyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutunun, eləcə də ABŞ, Polşa, Türkiyə, Ukrayna, Qazaxıstan və Yunanıstanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi informasiya texnologiyaları sahəsində mövcud elmi-praktik çağırışların, innovativ həllərin və gələcək inkişaf istiqamətlərinin müzakirə edilməsidir.
Beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən 210-dan çox alim və tədqiqatçının oflayn və onlayn formatda iştirak edir.
Açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının memarlıq və inşaat sahəsinə inteqrasiyası şəhərsalma siyasətində yeni yanaşmalar formalaşdırır. Qeyd edib ki, bu proses layihələndirmə, təhlükəsizlik, enerji səmərəliliyi və dayanıqlılıq baxımından geniş imkanlar yaradır: “Rəqəmsal modelləşdirmə, BIM texnologiyaları, “ağıllı şəhər” həlləri və avtomatlaşdırılmış idarəetmə sistemləri gələcəyin şəhərlərinin qurulmasında əsas rol oynayır. Azərbaycanda süni intellekt sahəsinin inkişafı dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə AzMİU-da Süni İntellekt Mərkəzi yaradılıb, yeni layihələr, tədris proqramları və beynəlxalq əməkdaşlıqlar həyata keçirilir”.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin professoru Misir Mərdanov, Riyaziyyat İnstitutunun direktor müavini Elxan Sabziyev və AMEA-nın müşaviri, professor Telman Əliyev informasiya texnologiyalarının inkişafı və elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıblar.
Konfransın ilk günü türkiyəli professor Sedat Akleylek “Postkvant kriptoqrafik protokollar: nəzəriyyədən praktikaya” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə gələcəyin kibertəhlükəsizlik çağırışları, kvant hesablama dövründə məlumatların qorunması və yeni şifrələmə mexanizmləri barədə məlumat verilib. Qeyd olunub ki, rəqəmsal transformasiya dövründə elm, təhsil və istehsalat arasında inteqrasiyanın gücləndirilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biridir.























