Aprelin 21-də Nizami Kino Mərkəzində “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin təqdimatı olub.

Heydər Əliyev Fondunun dəstəyi, “Harmony of Chaos” animasiya və vizualizasiya studiyası və “BBQ Marketing and Events” agentliyinin əməkdaşlığı ilə reallaşan animasiya layihəsi izləyiciləri Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparacaq.

“Harmony of Chaos” studiyasının rəhbəri, “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov layihə barədə məlumat verib. Bildirib ki, layihə bir neçə hissədən ibarət olacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətini və irsini kəşf edəcəklər: "Hədəfimiz uşaqlara tariximizi rəngarəng macəralar və maraqlı hadisələr vasitəsilə sevdirməkdir”.

Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

“Şamaxı macəraları” adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Nənə, baba və üç nəvə ölkəmizin zəngin irsini, Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. 

Animasiya filmində 3D animator kimi çalışan Rüfət İsmayılov deyib ki, cizgi filminin ərsəyə gəlməsi həm maraqlı, həm də əyləncəli olub. "Filmin bu hissəsində personajlar Şamaxıya səyahət edərək qədim adət-ənənələrimizə şahid olurlar. Növbəti hissələr isə Azərbaycanın digər mədəniyyət guşələrinə həsr olunacaq", - deyə o diqqətə çatdırıb.

Dinamik şəkildə hazırlanan filmdə personajların səsləndirilməsində, səhnələrin emosional təsirini gücləndirmək məqsədilə xüsusi musiqi və səs effektlərindən istifadə edilib.