Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın (20.4.1916 – 10.3.2004) anadan olmasının 110 illiyi qeyd edilib.
Bu barədə ittifaqdan məlumat verilib.
ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov, sədr müavini Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, İlham Rəhimli, ADMİU-nun Aktyor sənəti kafedrasının müdiri Əməkdar artist, professor Gülşad Baxşıyeva, Xalq artisti Yasin Qarayev, ATXİ-nin məsul katibi Aida Qafarova və Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova çıxış edərək Nəsibə Zeynalovanın həyat və yaradıcılıq yolundan, Azərbaycan mədəniyyəti və teatr sənətində xidmətlərindən söhbət açıblar.
Unudulmaz aktrisanın sənət yolundan bəhs edən videoçarx, oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.
Sənətkarın ailə üzvləri adından çıxış edən Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Novruzova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
























