20-21 aprel tarixlərində Bakıdakı Xətai Sənət Mərkəzində uşaq, yeniyetmə və gənclərin “Baharın rəngləri” adlı yaradıcılıq sərgisi keçirilir.
Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyəti danışıb. Bildirib ki, layihənin məqsədi “Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!” şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və onun mühafizəsinə həvəsləndirməkdir.
Qeyd olunub ki, 8-21 yaş arasında iştirakçılar üçün elan olunan sərgiyə ölkəmizin müxtəlif guşələrindən 800-dən çox müraciət daxil olub. 600-ə yaxın əl işi sərgilənmək üçün seçilib.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov də layihənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, təbiətin qorunması hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün üzvlərinin birgə məsuliyyəti kimi dəyərləndirilməlidir.
Sərgidə əsərləri nümayiş olunan iştirakçılara sertifikatlar təqdim olunub.

























