“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkənin mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərdə şəhərsalma ənənələri, müasir yanaşmalar və tarixi irsin qorunması məsələlərinə diqqət ayrılır. Bu qəbildən növbəti tədbir Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilib.

Kitabxanadan bildirilib ki, tədbir Bakı Dövlət Universiteti (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin təşəbbüsü ilə gerçəkləşib.

Kitabxananın direktoru Aslan Cəfərov “Şəhərsalma və Memarlıq İli”nin ölkəmizdə milli-mədəni irsin qorunması istiqamətində mühüm mərhələ olduğunu vurğulayıb. Qeyd edib ki, bu mövzuda təşkil edilən bu tədbirlər gənclərin milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsi, onların şəhərsalma və memarlıq sahəsində biliklərinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu təşəbbüslər Azərbaycanın zəngin tarixi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımdır.

Tədbirin əsas mövzusu Azərbaycan şəhərlərinin keçmişi, bu günü və gələcək inkişaf perspektivləri olub. Tələbələrin bu xüsusda fikir və mülahizələri onları tarixi irsə bağlılığını və innovativ düşüncəsini əks etdirib.

BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi Aygün Əliyeva tələbələrin bu cür tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirərək qeyd edib ki, müasir dövrdə tarixi irsin düzgün sənədləşdirilməsi, qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdən biridir.

Tədbir çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yerləşən tarixi abidələri əks etdirən videomateriallar nümayiş olunub. Materiallarda abidələrin keçmişi, tarixi əhəmiyyəti və bu gün aparılan bərpa işləri təqdim edilib.