Azərbaycan Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə 13-17 aprel tarixlərində Türkiyədə tanıtım xarakterli silsilə tədbirlər keçirilib. 

Bu barədə Dövlət Turizm Agentliyindən məşlumat verilib.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və 10 turizm sənayesi nümayəndəsinin iştirakı ilə baş tutan proqram İzmir, Ankara, Mersin və İstanbul şəhərlərini əhatə edib.

Türkiyədən 500-ə yaxın turizm şirkəti və media nümayəndəsinin qatıldığı tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara şəhər turları, şopinq turizmi, macəra və aktiv istirahət, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanlar barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.

Proqram çərçivəsində Azərbaycanın şimal və şimal-qərb turizm marşrutlarına xüsusi diqqət ayrılıb, həmin bölgələrin turizm infrastrukturu və qış turizmi potensialı ön plana çıxarılıb.

Ankarada keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artaraq 105 265 nəfər təşkil edib.

***

Xatırladaq ki, ölkəmiz 15-17 aprel tarixlərində Ankarada keçirilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində də təmsil olunub. Konqres Ankara şəhərinin 2026-cı ildə “Türk Dünyasının Turizm Paytaxtı” elan edilməsi tədbirləri çərçivəsində təşkil olunub.