Aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Toktogul Satılqanov adına Qırğız Milli Filarmoniyasının dahi qırğız yazıçısı Çingiz Aytmatovun əsəri əsasında hazırladığı “Cəmilə” musiqili-tamaşası təqdim edilib.
Tamaşadan əvvəl çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ölkələrimiz arasında mədəni əlaqələrin hazırda yeni inkişaf mərhələsini yaşadığını deyib.
“Xalqlar arasında dostluq münasibətləri birgə layihələr vasitəsilə daha da möhkəmlənir. “Cəmilə” əsəri əsasında hazırlanan müzikl-tamaşa sevgi, ləyaqət və insanpərvərlik kimi ali dəyərləri tamaşaçılara çatdırır”, – deyə o bildirib.
Sonra tamaşa nümayiş olunub.
“Cəmilə” Çingiz Aytmatovun ilk povestlərdən biridir. Əsərdə Daniyar ilə Cəmilənin məhəbbəti gənc Seyidin dili ilə təsvir olunur.
Musiqili tamaşada əsas rolları Ayzada Mukanbet Kyzy, Tamga Aybek Kyzy, Kural Çokoyev və Miran Janarbayev ifa ediblər.
Quruluşçu rejissor Qırğızıstanın Əməkdar artisti Bolot Tentimişov, layihə rəhbəri Xalq artisti Qyrgyzbay Osmonovdur. Librettonun müəllifləri Əməkdar mədəniyyət xadimi Zayidin Uulu Ulan, Əməkdar artist Bolot Tentimişov, bəstəkar Əməkdar artist Murzali Jeenbayevdir.

























