Xəbər verdiyimiz kimi, 2026-cı ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı" missiyasını Özbəkistanın Əndican şəhəri davam etdirir. Əndican bu estafeti ötən ilin sonunda Qazaxıstanın Aktau şəhərindən təhvil alıb.

Aprelin 14-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi ofisində Əndican şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” kimi təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, millət vəkilləri, üzv dövlətlərin TÜRKSOY-dakı nümayəndələri, diplomatlar iştirak ediblər.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında Mərkəzi Asiyanın bu qədim şəhərinin təqdimatından məmnunluğunu bildirib.

“Qədim Əndican şəhərinin müasir görünüşü Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda aparılan islahatların uğurunun göstəricisidir. Əndican haqlı olaraq Fərqanə Vadisinin incisi hesab olunur”, – deyə o qeyd edib.

Baş katib Əndicandan olan bir sıra görkəmli şəxsiyyətləri xatırladaraq, Özbəkistandakı mədəni tədbirlər proqramının türk xalqlarının həmrəyliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Özbəkistan Türkiyədəki səfiri İlhom Haydarov Əndicanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsini əlamətdar hadisə adlandırıb, iştirakçıları Əndicanda keçiriləcək tədbirlərə dəvət edib: "Bu qərar Özbəkistan üçün təkcə qürur mənbəyi deyil, həm də məsuliyyətdir. Biz Türk dünyasının mədəniyyətinə bundan sonra da töhfə vermək əzmindəyik”.

TBMM-nin üzvü İlyas Topsakal (MHP) qeyd edib ki, üç min illik tarixi olan Əndican qlobal mədəniyyətə töhfə verməkdə davam edir. Onun sözlərinə görə, türk xalqlarının qədim torpaqlarını ziyarət etmək Türk dünyasının birliyinin təbliğinə töhfə verir.

Türkiyə Ədalət və İnkişaf Partiyası sədrinin müavini professor Kürşad Zorlu Əndicandakı mədəni tədbirlərin Mərkəzi Asiyada turizmin inkişafına da töhfə verəcəyinə əminliyini bildirib: "Bizim üçün Əndicanda dünyaya gəlmiş və Böyük Moğol İmperiyasının banisi Zahirəddin Babur da daxil olmaqla, tarixi şəxsiyyətlər vacibdir. Əminəm ki, dialoq Türk dünyasında konsolidasiyanın əsasıdır”.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türk dünyasında birliyin möhkəm təməlinin mövcud olduğunu vurğulayıb. O, türk xalqlarının mədəniyyətini qorumağa, xüsusən də onların irsini gənc nəsillər arasında təbliğ etməyə çağırıb.

“Türk dünyasının mədəni paytaxtları” proqramlarına həsr olunmuş tədbirlər artıq 14 ildir ki, türk xalqlarının irsinin təbliğində strateji rol oynayır. Ortaq tarix, mədəniyyət və gələcəyə baxış Türk dünyasını daha da gücləndirir”, – deyən nazir Əndicanı “tarixin və inkişafın bir-birinə qovuşduğu şəhər” adlandıraraq sözünü yekunlaşdırıb.

Təqdimat çərçivəsində TÜRKSOY binasında Özbəkistan mədəniyyətinə həsr olunmuş sərgi də təşkil edilib.