Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə müəssisələrinin birgə təşkilatçılığı, Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə Azərbaycanın görkəmli söz ustadı, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi qeyd edilib.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və Birinci Şahsevən kənd 2 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyeva çıxış edərək Səməd Vurğunun zəngin ədəbi irsindən danışıblar.
Bədii hissədə rayon Mədəniyyət Mərkəzinin nəzdindəki “Xalq teatrı”nın və Namiq Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin birgə hazırladığı ədəbi kompozisiya təqdim olunub.
Şirvan aşıq musiqisinin tanınmış ifaçıları İnci Şirvanlı və Uğur Şirvanlının çıxışı da rəğbətlə qarşılanıb.
Tədbir Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı aşıq Azər Fərmayıloğlu və aşıq İbrahim Gədəbəyli tərəfindən təqdim olunan ifalarla davam edib.
Niyazi adına uşaq musiqi məktəbinin “Odlar Yurdu” xor kollektivi tərəfindən musiqi nömrələri təqdim olunub.
Qiraət ustası və şair Razi İlham, Məmmədyar Ziyadoğlu, Zaur Kamiloğlu, Uğur Şirvanlı və Həsən Tağızadə Səməd Vurğunun şeirlərini söyləyiblər.
Tədbirin yekununda Beyləqan RİH başçısı Əziz Əzizov çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan bəhs edib, onun yaradıcılığının milli-mənəvi dəyərlərin təbliğində xüsusi yer tutduğunu vurğulayıb, tədbirin təşkilində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib.
Yubiley tədbirində fəal iştiraka görə bir qrup ifaçıya Beyləqan RİH-in fəxri fərmanları təqdim olunub.























