15 aprel Dünya İncəsənət Günüdür (World Art Day). 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. Müvafiq qətnamədə (26 noyabr 2019-cu il) Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədilə təsis edildiyi bildirilir.

 

Tarixdəki olaylar

 

15 aprel 1917 – Bakıda Qafqaz müsəlmanlarının qurultayı başlanıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər. Qurultay Rusiya Müvəqqəti Hökumətinin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.

 

15 aprel 1993 – Azərbaycanın ABŞ-dəki səfirliyi fəaliyyətə başlayıb. Səfir Hafiz Paşayev diplomatik etimadnaməsini Prezident Bill Klintona təqdim edib.

 

15 aprel 1993 – Parisdə dünya irsi abidəsi olan Notr-Dam kilsəsində (Notre-Dame de Paris) güclü yanğın baş verib. Tavanı tamamilə çökən və qülləsi yıxılan kilsə binasının qismən təmiri 2024-cü ildə başa çatıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 aprel 1452 – İtalyan rəssam, heykəltaraş, memar, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci; 1452 – 2.5.1519) Florensiyada doğulub. Məşhur əsərləri: “Mona Liza”, “Sonuncu şam” və s.

 

15 aprel 1892 – Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 – 19.2.1983) anadan olub.

 

15 aprel 1905 – Məşhur memar, akademik Sadiq Ələkbər oğlu Dadaşov (1905 – 24.12.1946) anadan olub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Bakı Musiqi Akademiyasının binalarının və s. tikililərin layihələşdirilməsində iştirak edib.

 

15 aprel 1905 – Türkiyənin tanınmış rəssamı, pedaqoq, fotoqraf Zeki Faik İzer (1905 – 12.12.1988) İstanbulda doğulub.

 

15 aprel 1907 – Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 – 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.

 

15 aprel 1912 – Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912 – 14.9.1990) anadan olub.

 

15 aprel 1928 – Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928–1979) Marağa şəhərində doğulub.

 

15 aprel 1931 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011) Tomas Tranströmer (Tomas Gösta Tranströmer; 1931 – 26.3.2015) anadan olub.

 

15 aprel 1938 – Dünyaca məşhur italyan aktrisa Klaudia Kardinale (Claudia Josephine Rose Cardinale; 1938 – 23.9.2025) anadan olub.

 

15 aprel 2009 – Xalq artisti, mahir klarnet ifaçısı Vəli Nurbala oğlu Qədimov (12.1.1940 – 2009) vəfat edib.

 

15 aprel 2010 – Xalq artisti Telman Abbasqulu oğlu Adıgözəlov (17.7.1953 – 2010) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub. Teatrla yanaşı, televiziya tamaşalarında, filmlərdə də yaddaqalan rollar oynayıb.

 

15 aprel 2021 – Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Kamil Fərhad oğlu İbrahimov (6.8.1962 – 2021) vəfat edib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışıb.

 

Hazırladı: Vüqar Orxan