Aprelin 14-də Mədəniyyət Nazirliyində tanınmış televiziya, teatr və kino rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ilə görüş keçirilib.
Mədəniyyət naziri Adil Kərimli Ramiz Həsənoğlunu 80 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Bildirib ki, sənətkar uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. Ramiz Həsənoğlunun quruluş müəllifi olduğu televiziya tamaşaları böyük rəğbətlə qarşılanıb. Onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə xidmət edir.
Qeyd olunub ki, rejissorun yaradıcılığı daim yüksək qiymətləndirilib, o, dövlət təltiflərinə layiq görülüb.
Sonra Adil Kərimli yubilyara "Mədəniyyət Nazirliyinin Fəxri diplomu"nu təqdim edib, möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.
Ramiz Həsənoğlu fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Görüşdə iştirak edən Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar.
Sonda xatirə şəkli çəkdirilib.
























