Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə bağlanmış müqavilə çərçivəsində “İşquz dövləti” adlı 3 seriyalı bədii-sənədli filmin istehsalı başlanıb.
Layihənin ideya müəllifi və ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənli, layihə rəhbəri və baş prodüseri Azər Aydəmir, icraçı prodüseri isə Ülviyyə Könüldür.
Filmin quruluşçu rejissoru Elvin Əhmədoğlu, görüntü rejissoru Cavid Aslanov, quruluşçu rəssamı Vüqar Qurbanov, ikinci rejissoru Müşfiq Mirzə, xətt prodüserləri Tofiq Musayev və Anar Əmirov, baş redaktoru Etibar Məmmədov, səs rejissoru Morteza Nacafli, geyim rəssamı Ləman Süleymanlı, qrafik dizayneri Rövşən Abıyev, qrim rəssamı Adilə Alıyevadır.
Xronometraj 75 dəqiqə nəzərdə tutulub.
Film qədim İşquz (Skif, Sak) tayfalarının birləşərək dövlətə çevrilmə yolunu və bu prosesdəki mübarizəni ekrana gətirəcək. Süjet xətti İşpakay sərkərdənin ölümündən sonra yaranan parçalanma fonunda Bartatua adlı yeni liderin yüksəlişi və tayfaları bir araya gətirməsi üzərində qurulub.
İşquz (Sak, Skif) dövləti e.ə. VII–IV əsrlərdə Azərbaycan ərazisində, xüsusilə Mannadan şimalda mövcud olmuş qədim çarlıq olub. Skif tayfalarının birləşməsi ilə yaranan bu çarlıq bölgənin tarixində mühüm rol oynayıb.






















