Son vaxtlar müşahidə olunan intensiv yağışların təsiri nəticəsində aprelin 12-də Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qəsrin dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd olunur ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər həyata keçirilir.

***

Xatırladaq ki, bir neçə gün öncə İçərişəhərdə, Kiçik Qala küçəsi ünvanında 13-14 saylı bürclərin kəsişdiyi hissədə aşınma olmuş və divarın bir hissəsi uçub tökülmüşdü. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.