Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyilə yaradılmış Azərbaycan Kaskadyorlar Gildiyasının rəsmi saytının təqdimatı olub.

AKİ-dən bildirilib ki, tədbirdə rejissorlar, prodüserlər və aktyorlar iştirak ediblər.

Çıxış edən natiqlər gildiyanın fəaliyyətini müsbət qiymətləndirərək, onun Azərbaycan kinosunda döyüş səhnələrinin keyfiyyətinin artırılması və peşəkar kaskadyor məktəbinin formalaşmasında mühüm rol oynayacağını vurğulayıblar. Yaradılan saytın bu sahədə inkişafa, o cümlədən beynəlxalq əməkdaşlığa zəmin olacağı bildirilib.

Gildiyaya dəstək göstərən rəsmi qurumlar və fərdi şəxslər haqqında ətraflı məlumat təqdim olunub.

Azərbaycan Kaskadyorlar Gildiyasının təsisçiləri Sain Fərhad və Sərxan Tağıyev təşkilatın məqsədləri, gələcək planları və beynəlxalq standartlara uyğun inkişaf strategiyası barədə fikirlərini bölüşüblər.

Sonra saytın (www.azsg.az) təqdimatı keçirilib. Təqdimatı “Millenium Creative Agency”nin rəhbəri Salman Ələkbərzadə edib.

Saytın funksionallığı, təqdim etdiyi imkanlar və kaskadyor sənətinin inkişafına verəcəyi töhfələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.