Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər üzrə baş direktor müavini Bülent Gönültaşın rəhbərlik etdiyi iki ölkə arxeoloqlarından ibarət heyətlə görüşüb.
Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Görüşdə Atatürk Universitetinin professoru Mehmet Işıklı, Mardin Artuklu Universitetinin professorları Aynur Özfırat və Gencay Güloğlu İsilu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun dosenti Müzəffər Hüseynov iştirak ediblər.
İki ölkənin tarixində və mədəniyyətində ortaq keçmişimizin dərin köklərini əks etdirən Kür-Araz mədəniyyəti kimi nadir irsin tədqiqi və təbliği istiqamətində birgə səylər, bu istiqamətdə birgə layihələrin reallaşma yolları müzakirə olunub.





















