Beynəlxalq Muğam Mərkəzində “Bir az da özümüzdən danışaq” adlı satirik-yumoristik konsert-tamaşa təqdim edilib.
Təqdimatdan öncə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-yazıçı İlqar Fəhmi bildirib ki, satira və yumor cəmiyyətin güzgüsü olmaqla yanaşı, insanları düşündürən və onları özlərinə kənardan baxmağa vadar edən təsirli vasitədir. Qeyd edib ki, bu cür layihələr ictimai problemlərin daha yumşaq, lakin təsirli formada təqdiminə imkan yaradır və tamaşaçı ilə səmimi ünsiyyət qurulmasına xidmət edir.
Konsert-tamaşada satirik çıxışlar, yumoristik monoloqlar gündəlik həyatımızda tez-tez rastlaşdığımız sosial məsələlərə fərqli və gülüş dolu prizmadan baxmaq imkanı yaradıb.
Gecədə Əməkdar artist, qanun ifaçısı Çinarə Mütəllibova, eləcə də digər tanınmış musiqiçilər – Rəvan Qaçayev, Nurlana Abdullayeva, Vəfa Vəzirova, Hüseynağa Aslanov, Nicat Aslanov, Cəfər Həsənov, Xəyal Əliyev və Hüseyn Nağıyev çıxış ediblər.






















