Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Opera və Balet Teatrının simfonik orkestri və xor kollektivinin ifasında "Milli opera inciləri" layihəsi çərçivəsində konsert proqramı təqdim edilib.

Konserti Əməkdar artist, orkestrin baş dirijoru Əyyub Quliyev idarə edib. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Konsertdən əvvəl çıxış edən Əyyub Quliyev proqramda yer alan əsərlərin seçilmə prinsiplərindən danışıb. Bildirib ki, təqdim olunacaq əsərlərin bir çoxu bərpa edilərək uzun illər sonra yenidən səsləndirilir. Bu isə konsertin həm musiqi irsinin dirçəldilməsi, həm də unudulmuş və ya az ifa olunan operaların yenidən dinləyici auditoriyasına çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını göstərir.

Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi opera sənətinin inkişafı, milli musiqi irsinin təbliği və klassik ənənələrin qorunaraq yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Konsert Üzeyir Hacıbəylinin “Milli marş” əsəri ilə başlanıb. Sonra bəstəkarın “Şeyx Sənan” operasından "Müqəddimə", Müslüm Maqomayevin “Nərgiz” operasından iki xor səhnəsi səsləndirilib.

Proqramda həmçinin Reynhold Qlierin “Şahsənəm” operasından “Qonaqların gəlişi”, “Dostların xoru”, “Rəfiqələrin xoru”, “Qızların rəqsi”, “Kişilərin rəqsi”, Qara Qarayevin “Vətən” operasından xor, Siyavuş Kəriminin “Nəsimi” operasından Fatimənin xor səhnəsi, “Kəpənəklər” xoru və digər əsərlər təqdim olunub.

Muğam və vokal parçaları Əməkdar artist Təyyar Bayramov, solistlər Nazim Mahmudov, Günel Hacıyeva, Nigar Cəfərova, Fatimə Cəfərzadə və Rəvanə Əmiraslanlı ifa ediblər.