Aprelin 10-da Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası idarə heyətinin sədri Ruslan Quliyev bildirib ki, iki ictimai birlik arasında memorandumun imzalanmasında əsas məqsəd Azərbaycanda sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, özəl tibb sektorunun bu istiqamətdə rolunun gücləndirilməsi, beynəlxalq tanıtım və təşviqat fəaliyyətlərinin intensivləşdirilməsi, eləcə də vahid və dayanıqlı əməkdaşlıq modelinin təşviq edilməsindən ibarətdir.

AHTTSA rəhbəri diqqətə çatdırıb ki, qurum 2013-cü ildən fəaliyyət göstərir. Azərbaycanın sağlamlıq turizmi imkanlarının tanıdılması, bu məqsədlə ölkəyə gələn turistlərin sayının artmasına nail olmaq assosiasiyanın fəaliyyətində hər zaman prioritet istiqamət olub: “Turizm bir xidmət sahəsidir və hədəfi də ölkənin tanıtımıdır. Azərbaycan Prezidentinin çıxışlarında da vurğuladığı kimi, ölkəmizin bu istiqamətdə çox geniş potensialı mövcuddur. Özəl Tibb Müəssisələri Assosiasiyası 2023-cü ildən fəaliyyət göstərsə də, az vaxtda çox işlər görən qurumdur. Ona görə də biz güclərimizi birləşdirməklə uzunmüddətli bir fəaliyyət planı üzrə Azərbaycanda sağlamlıq turizminin təşviqi və təbliği istiqamətində çalışmaq qərarına gəldik”.

ÖTMA idarə heyətinin sədri Günel Əliyeva bildirib ki, beynəlxalq arenada ölkənin səhiyyə xidmətini tanıtmaq bir vəzifə və məsuliyyətdir: “Bizim əsas məqsədimiz özəl tibb sektorunun inkişafına dəstək olmaqla, ölkədə əhaliyə göstərilən tibbi xidmətin yüksək keyfiyyətə və müasir dünya standartlarına uyğun olmasına nail olmaqdır. Bu sahədə birgə çalışmaqla, tibbi turizmin inkişafına töhfə verə bilərik”.

Milli Məclisin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, “Skal İnternational Baku”nun rəhbəri Ceyhun Aşurov, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, “Turan” Qastroturizm Akademiyası” MMC-nin icraçı direktoru Doğan Tomris, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov çıxış edərək, məramı və məqsədi tibbi turizmin inkişafına xidmət edən iki ictimai birlik arasında əməkdaşlığı yüksək dəyərləndiriblər.

Bildirilib ki, memorandum Azərbaycanda sağlamlıq turizmi ekosisteminin möhkəmləndirilməsinə, özəl tibb müəssisələrinin beynəlxalq platformalarda daha fəal təmsil olunmasına, vahid milli sağlamlıq turizmi yanaşmasının təşviqinə və ölkənin bu sahədə rəqabət üstünlüklərinin daha geniş miqyasda tanıdılmasına töhfə verəcək.

Çıxışlardan sonra Ruslan Quliyev və Günel Əliyeva iki qurum arasında əməkdaşlıq memorandumunu imzalayıblar.

Tədbir çərçivəsində AzHealth Tourism rəqəmsal sağlamlıq turizmi portalının (healthtourism.az) təqdimatı da olub.