Tarixdəki olaylar

 

13 aprel 1870 – Dünyanın ən böyük və məşhur muzeylərindən olan Metropolitan İncəsənət Muzeyi (Metropolitan Museum of Art – The Met) Nyu-Yorkda fəaliyyətə başlayıb.

 

13 aprel 1919 – Hindistanın Pəncab vilayətinin Amritsar şəhərində ingilis hərbi komandanlığı tərəfindən yerli əhaliyə qarşı kütləvi qırğın törədilib. İngilis hökmranlığının qanunla sərtləşdirilməsinə qarşı çıxan hindlilər tərəfindən beş britaniyalının öldürülməsinə cavab olaraq şəhərdə etirazçı kütlələr atəşə tutulub. Qırğında, rəsmi rəqəmlərə görə, 379 hindli öldürülüb, 1200 nəfər yaralanıb.

 

13 aprel 1994 – Erməni terrorçuları Azərbaycana qarşı daha bir aksiya həyata keçiriblər. Moskva-Bakı sərnişin qatarının Dağıstan ərazisində partladılması nəticəsində 6 nəfər həlak olub.

 

13 aprel 2004 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib. Səfər gedişində Azərbaycanla Türkiyə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi və digər sənədlər imzalanıb. İlham Əliyevə Bilkənd Universitetinin (Ankara) "Fəxri doktoru" adı təqdim edilib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 aprel 1883 – Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Aleksandr Vasilyeviç Aleksandrov (1883 – 8.7.1946) anadan olub. Keçmiş SSRİ-nin Dövlət Himninin musiqisinin, vətənpərvərlik mahnılarının (“Müqəddəs müharibə” və s.) müəllifidir.

 

13 aprel 1906 – İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1969) Samuel Bekket (Beckett; 1906 – 22.12.1989) anadan olub. Absurd teatrının yaradıcılarındandır. Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.

 

13 aprel 1914 – Türk şair Orxan Vəli (Orhan Veli Kanık; 1914 – 14.11.1950) İstanbulda doğulub. Əruz və heca vəznində şeiriyyatı rədd edən “Garip” ədəbi cərəyanının qurucularından sayılır.

 

13 aprel 1909 – Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (1909 – 12.9.1960) Gəncədə doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 

 

13 aprel 1917 – Əməkdar incəsənət xadimi, kinooperator Arif Əmir oğlu Nərimanbəyov (1917 – 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.

 

13 aprel 1922 – Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist Aida Həmdulla qızı Abdullayeva (1922 – 11.6.2009) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

 

13 aprel 1929 – Əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibov (1929 – 30.10.1992) Naxçıvan şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. 

 

13 aprel 1937 – Əməkdar jurnalist, yazıçı-publisist Osman Mirzə Hüseyn oğlu Mirzəyev (1937 – 20.11.1991) Bakıda doğulub. "Adlarımız", "Bir dəfə yaşayırıq" və s. kitabların müəllifidir.  Xocavənd rayonunda bir sıra dövlət xadimləri ilə birgə içində olduğu vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub. 

 

13 aprel 1939 – İrland əsilli (Şimali İrlandiya) şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995) Şeymas Castin Hini (Seamus Justin Heaney; 1939 – 30.8.2013  anadan olub.

 

13 aprel 1974 – Mədəniyyət xadimi, şair, dramaturq Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov (17.2.1890, Şuşa – 1974, İstanbul) vəfat edib. Cümhuriyyət dövründə İstiqlal Muzeyinin (1919) qurucularından olub.

 

13 aprel 2025 – Peru yazıçısı, dramaturq, publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2010) Mario Varqas Lyosa (28.3.1936 – 2025) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan