Aprelin 12-də pravoslav (ortodoks) xristianlar müqəddəs Pasxa bayramını qeyd edirlər.
Pasxa – İsa Məsihin Dirilişi bayramıdır. Xristianlıq inancına görə, İsa Məsih çarmıxa çəkiləndən iki gün sonra – bazar günü dirilib və səmaya yüksəlib.
Ənənəyə görə, Pasxa gecəsi (şənbədən bazara) kilsələrdə mərasimlər keçirilir, müqəddəslərin şərəfinə şamlar yandırılır, dualar oxunur. Sabahı – bazar günü Pasxa bayramı qeyd olunur. Hamı pasxa süfrəsi arxasında əyləşir, “İsa dirildi!” kəlməsi ilə bir-birini salamlayırlar
Pasxa günü Ay və Günəş təqvimləri əsasında aparılan qarışıq hesablama əsasında müəyyən edilir: yaz gecə-gündüz bərabərliyinin (21 mart) ardınca yeni ayın bədirlənməsindən (dolu ay) sonrakı bazar gününə düşür. Katoliklər və pravoslavlar təqvimlərdəki fərqə görə bayramı fərqli günlərdə qeyd edirlər. 2026-cı ildə katolik xristianlar Pasxanı 5 apreldə bayram ediblər.
***
Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk.
Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.
Əziz dostlar!
Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!





















