Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli neftçi-alim və diplomat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimi, şair Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunub.

Hacan Hacısoyun “Var ilə yoxun arası” və professor Rafiq Əliyevlə birgə yazdığı “Neftçıxarmada qeyri-səlis məntiq” kitablarının da təqdim olunduğu toplantıda yubilyarın qələm dostları, alimlər, ziyalılar iştirak edirdilər.

Tədbirin aparıcısı, AYB-nin poeziya şöbəsinin müdiri İbrahim İlyaslı Hacan Hacısoyun poeziyası haqqında  məlumat verərək bildirib ki, insanın çox şeyləri – mükafatları, müəyyən statusları ola bilər. Amma şair üçün ən yaxşı təqdimat olun şeirləridir. 

AYB sədrinin müavini Rəşad Məcid, professor Rafiq Əliyev, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Südeyf İmamverdiyev və başqaları yubilyara xoş arzularını çatdırıblar.

Natiqlər Hacan Hacısoyun insani keyfiyyətlərindən, böyük alim kimi gördüyü işlərdən danışmaqla yanaşı, onun diplomatik fəaliyyəti üzərində dayanaraq ölkəmiz üçün çətin bir dövrdə Gürcüstanda səfir olduğunu, işlədiyi müddətdə Azərbaycanı layiqincə təmsil etdiyini bildiriblər.

ADNSU-nun müəllimləri, şair Rəfael Tağızadə, şair-naşir Elçin İsgəndərzadə, Şahismayıl Şəmmədoğlu və digər çıxış edənlər də şairi 80 illik yubileyi münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Hacan Hacısoy diplomat kimi nə qədər müdrik fəaliyyət göstərmişdisə, şeirlərində də bir o qədər incə və məsuliyyətlidir. Onun şeirlərində heç zaman artıq sözə rast gəlməzsən. Məhz bu xüsusiyyətlərinə görədir ki, Azərbaycanın müstəqillik illərində qarşılaşdığı ağır problemlər, Vətən ağrıları, Qarabağın işğalı şairin şeir və poemalarında ayrıca bir yer tutur. Torpaqlarımıza qarşı təcavüz onu nə qədər ağrıdırsa, Qarabağın azadlığa qovuşması, ədalətin bərpası şairi ürəkdən sevindirir. Nəticədə isə nikbin poetik nümunələr yaranır.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və yeni şeirlərini söyləyib.