Qazaxıstanın Almatı şəhərindəki Əl-Farabi adına Qazax Milli Universitetində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində (7-8 aprel) Naxçıvan Dövlət Universiteti (NDU) də təmsil olunub. Rektor Elbrus İsayevin rəhbərlik etdiyi heyət sərginin açılış mərasimində iştirak edib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev açılış mərasimində çıxış edərək iki ölkə arasında ortaq mədəni bağların və təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Sərgiyə Azərbaycanın 20-dən çox aparıcı universiteti qatılıb. Burada abituriyentlər və tələbələr Azərbaycandakı ali təhsil proqramları, qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul şərtləri ilə bağlı məlumat əldə ediblər.

Tədbirin bədii hissəsində NDU-nun muğam və rəqs qrupları çıxış ediblər. Keçirilən lotereya oyununda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb.

Sonra stendlərlə tanışlıq olub.

Naxçıvan Dövlət Universitetinin stendində təhsil proqramları, əcnəbi tələbələr üçün təhsil imkanları və NDU ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər barədə məlumat verilib. Bununla yanaşı, səfər çərçivəsində ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş görüşlər keçirilib.

Sərgi çərçivəsində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu da təşkil edilib. Forumda  Naxçıvan Dövlət Universiteti ilə Qazaxıstanın Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti və Qazaxıstan Tibb Universiteti (KSPH) arasında əməkdaşlıq memorandumları imzalanıb.

Sənədlər akademik mübadilə, ikili diplom proqramları və birgə elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur, tərəflər arasında təcrübə mübadiləsinin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi üçün zəmin yaradır.