Tarixdəki olaylar
8 aprel 1929 – VI Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər – dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Muğan dairələrinə bölünüb. Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.
8 aprel 1992 – Ermənistan silahlı dəstələri Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək kütləvi qırğın törədib. 130 evdən ibarət kənd yandırılıb, kəndin 39 sakini (o cümlədən 8 qoca, 2 uşaq, 9 qadın) qətlə yetirilib.
8 aprel 2000 – Bakıda Türkdilli ölkələrin dövlət başçılarının 6-cı Zirvə görüşü keçirilib. 1992-ci ildə əsası qoyulan bu formatda toplantıya Azərbaycan ilk dəfə ev sahibliyi edib. Zirvə görüşü "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinə həsr olunmuşdu. Sammitdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidenləri iştirak edirdi, Özbəkistan və Türkmənistan parlament sədrləri ilə təmsil olunurdu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
8 aprel 1692 – İtalyan bəstəkarı Cüzeppe (Giuseppe) Tartini (1692 – 26.2.1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurlaşıb.
8 aprel 1859 – Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (Edmund Gustav Albrecht Husserl; 1859 – 27.4.1938) anadan olub.
8 aprel 1956 – Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu (1956 – 14.9.2021) Təbriz şəhərində anadan olub.
8 aprel 1973 – Dünya şöhrətli ispan rəssam, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 – 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Gernika".
8 aprel 2021 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə (13.1.1945 – 2021) vəfat edib.
8 aprel 2022 – Əməkdar elm xadimi, akademik, tanınmış etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov (20.1.1928 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan























