Aprelin 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti olub.
Filarmoniyadan bildirilib ki, proqramda Azərbaycan bəstəkarlarının zəngin yaradıcılığını əks etdirən əsərlər yer alıb.
Konsert proqramı Qara Qarayevin “Sonatina” əsəri ilə başlayıb. Bu əsər simli kvartet üçün Fərəc Qarayev tərəfindən işlənib.
Sonra Elnarə Dadaşovanın piano və orkestr üçün “Prelüd”i ifa olunub. Solist Rəfiqə Quluzadə (piano) olub.
Konsertdə Məmmədağa Umudovun “Rəqs-fantaziya” əsəri də təqdim edilib.
Proqramın davamında Cavanşir Quliyevin simli orkestr üçün 4 nömrəli “Dastan” simfoniyası səslənib. Solist olaraq violin ifaçısı Surə Rüfət çıxış edib.
Sonda Firəngiz Əlizadənin “Rəqs” əsəri ifa edilib.
























