Tarixdəki olaylar

 

7 aprel 1906 – Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb. Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906–1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

 

7 aprel 1920 – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Kütləvi çıxışlar 1919-cu ilin avqustunda bağlanan və Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq hüququ verən Britaniya-İran sazişinə etiraz olaraq başlamışdı. Üsyanın nəticəsi olaraq 1920-ci ilin iyununda Təbrizdə milli hökumət quruldu. Lakin onun ömrü az oldu və sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

7 aprel 1946 – Dünya Səhiyyə Təşkilatı (World Health Organization – WHO) fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya Səhiyyə Günü kimi qeyd olunur.

 

7 aprel 1992 – Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında diplomatik əlaqələr qurulub. 

 

7 aprel 2001 – Ki Vestdə (ABŞ) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında dörd gün sürən danışıqlar nəticəsiz başa çatıb. Vasitəçilər (Minsk Qrupu həmsədrləri) danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyini bayan etsələr də, bu təşəbbüs reallaşmadı.

 

7 aprel 2011 – Bakıda ilk dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” çərçivəsində təşkil edilən tədbirə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər təşkilatlar dəstək verib. Forumda 100-dək ölkə təmsil olunub. Prezidentin 27 may 2011-ci il tarixli fərmanı ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 aprel 1772 – Fransız filosofu, utopik sosializmin banilərindən Fransua Mari Şarl Furye (François Marie Charles Fourier; 1772 – 10.10.1837) anadan olub.

 

7 aprel 1883 – İtaliya rəssamı və heykəltaraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883 – 26.2.1966) anadan olub.

 

7 aprel 1889 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1945) Qabriela Mistral (Gabriela Mistral – əsl adı Lucila Godoy Alcayaga; 1889 – 10.1.1957) anadan olub.

 

7 aprel 1920 – Hind bəstəkarı Ravi Şankar (1920 –11.12.2012) anadan olub. Sitar simli musiqi alətində virtuoz ifaçı kimi tanınıb.

 

7 aprel 1930 – Tanınmış jurnalist, mədəniyyət xadimi Azad Ağakərim oğlu Şərifov (1930 – 24.12.2009) anadan olub. Dövlət Kinematoqrafiya Komitəsinin sədri, “Azərinform”un (indiki AZƏRTAC) direktoru işləyib.

 

7 aprel 1934 – Əməkdar memar İlham İsmayıl oğlu Əliyev (1934 – 12.12.2002) Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının prezidenti (1992–2002) olub.

 

Hazırladı: Vüqar Orxan