Azərbaycanın tarixi-mədəni zənginliyini, milli dəyərlərini, müasir inkişafını müxtəlif dillərdə dünyaya tanıdan “IRS" beynəlxalq jurnalının rus dilində (“IRS"-"Naslediye”) yeni nömrəsi çapdan çıxıb.
Nəşrin növbəti buraxılışının əsas mövzusu Bakıda həyata keçirilən, keçmiş sənaye ərazilərini müasir məkana çevirən və paytaxtın yeni memarlıq imicini formalaşdıran genişmiqyaslı “Ağ Şəhər” şəhərsalma layihəsidir.
Baş redaktor Musa Mərcanlının məqaləsində qeyd edilir ki, infrastrukturun və şəhər mühitinin fəal inkişafı, Azərbaycanın o cümlədən gələn ay keçiriləcək Dünya Şəhərsalma Forumu da daxil olmaqla, qlobal forumların keçirilməsi üçün məkan kimi beynəlxalq nüfuzunun gücləndirilməsinə töhfə verir.
Tarixi mövzuda daha bir yazıda XIX əsrin sonlarına aid dəyərli arxiv sənədinin – Qarabağdakı yay otlaqlarının xəritəsinin təhlilinə xüsusi diqqət yetirilib. Qeyd olunur ki, bu materialda bölgənin əhalisi və toponimiyası haqqında geniş məlumat var və bu da həmin dövrdə Qarabağın etnik və demoqrafik strukturunun obyektiv şəkildə yenidən qurulmasına imkan verir. Jurnalda vurğulanır ki, təqdim olunan məlumatlar XX əsrin sonlarında erməni millətçi dairələri tərəfindən irəli sürülən ərazi iddialarının əsassız olduğunu sübut edir.
Jurnalın bu nömrəsində həmçinin Nadir Əfşar faktiki hökmdar elan edildiyi Muğan qurultayının (1736) 290 illiyi nəzərdən keçirilir və bu hadisənin regionun tarixində dönüş nöqtəsi olduğu diqqətə çatdırırılır. Vurğulanır ki, bu hadisə tarixi dövrdə idarəetməni və legitimliyi qoruyaraq, hakimiyyətin Səfəvilərdən Əfşar dövlətinə keçməsini təmin edib.
Bundan əlavə, nömrədə rusdilli oxuculara Azərbaycanın mədəniyyəti, ədəbi irsi və s. mövzularda maraqlı yazılar təqdim edilir.

























