Azərbaycan televiziya məkanında maraqlı layihələri ilə tamaşaçı rəğbəti qazanmış İctimai TV aprelin 5-də növbəti tarixi serialın nümayişinə başlayıb. “Qara bağ” adlı sənədli ekran əsərinin ssenari müəllifi və aparıcısı, tanınmış telepublisist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.

İlk bölümündən tamaçaçıların diqqətini cəlb edən, sosial şəbəkələrdə əks-səda doğuran filmin əsas qayəsi Qarabağ tarixinin indiyədək Azərbaycan ictimaiyyətinə az məlum olan və ya heç məlum olmayan səhifələrini işıqlandırmaq, bu bölgənin başına gələn müsibətlərin dərin köklərini açıb göstərmək, xalqımızın dövlətçilik ənənələrini və mənəvi dəyərlərini təbliğ etməkdir.

Müsəllim Həsənov bildirib ki, keçmiş SSRİ və Rusiya arxivlərindəki “məxfi” və “tam məxfi” qrifli sənədlərə çıxış o qədər asan olmayıb, bəzi hallarda maneələr qarşıya çıxıb. Buna baxmayaraq, Qarabağın tarixi ilə bağlı yeni fakt və hadisələri aşkar etmək, həmçinin indiyədək tədqiq edilmiş sənədlərdə diqqətdən kənarda qalan bir sıra məqamlara daha yaxından işıq salmaq mümkün olub.

Sənədli serialın qurluşçu rejissoru Elçin Qasımovdur. Mütəşəkkil bir komandanın zəhməti olan layihə İTV ilə MEDİA-nın birgə əməkdaşlığı sayəsində həyata vəsiqə alıb.

“Qara bağ” sənədli serialının 1-ci bölümünə bu linkdə baxmaq olar.