AMEA-nın alimləri Qırğızıstanın paytaxtı Bişkekdə akademik Abdıldajan Akmataliyevin 70 illik yubileyinə həsr olunmuş “Manasdan Aytmatova: humanitar elmlərin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda ölkəmizi təmsil ediblər.
Bu barədə AMEA-dan məlumat verilib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli beynəlxalq konfransda “Abdıldajan Akmataliyevin Aytmatovşünaslıq araşdırmaları: Azərbaycan elmi mühitindən baxış” adlı məruzəsini təqdim edib. O vurğulayıb ki, Abdıldajan Akmataliyev Çingiz Aytmatovun müasiri olmaqla yazıçının sağlığında onunla sıx elmi və yaradıcı əlaqələr saxlamış, bir sıra əsərlərinin ilkin əlyazmalarını oxumuş, həmin mətnlərə həm çapdan əvvəl, həm də sonrakı mərhələlərdə ilk elmi rəy verən aparıcı tədqiqatçılardan biri kimi çıxış etmişdir.
Mehman Həsənli həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu arasında formalaşan əlaqələrinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, bu əməkdaşlıq çərçivəsində “Çingiz Aytmatov ensiklopediyası”nın Azərbaycan cildinin hazırlanması istiqamətində sistemli iş aparılır, eyni zamanda, yazıçının zəngin epistolyar irsinin toplanması, tədqiqi və elmi dövriyyəyə daxil edilməsi məqsədilə yeni araşdırma layihələrinə başlanılıb. Bu təşəbbüslər Türk dünyasında ortaq ədəbi-mədəni irsin daha dərindən öyrənilməsinə və beynəlxalq elmi inteqrasiyanın güclənməsinə xidmət edir.
AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Kollektiv mədəni yaddaş kontekstində folklor və ədəbiyyat: akademik Akmataliyevin elmi yanaşmaları və türkoloji perspektivlər” mövzusunda çıxış edib. Bildirib ki, akademik Akmataliyev qırğız folklorşünaslığı və ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamaqla yanaşı, “Manas” eposundan Çingiz Aytmatov yaradıcılığına uzanan mənəvi və elmi xətti sistemli şəkildə əsaslandıran görkəmli tədqiqatçıdır.
Alim çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edərək bu konsepsiyanın Türk dünyasının yeni inteqrasiya modelini müəyyən etdiyini vurğulayı, bu model çərçivəsində mədəni və elmi əməkdaşlığın daha da genişləndiyini diqqətə çatdırıb. Məruzəçi akademik Akmataliyevin tədqiqatlarında folklorun dinamik, çoxvariantlı və sosial funksiyaya malik struktur kimi təqdim olunduğunu vurğulayaraq onun xüsusilə “Manas” eposunun kollektiv yaddaş modeli kimi təhlilini və müxtəlif variantlarının elmi dövriyyəyə daxil edilməsini mühüm elmi nailiyyət kimi dəyərləndirib.
























