25-26 may tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı” (ICCHST – Naxçıvan 2026) keçiriləcək.

Konfrans görkəmli Azərbaycan memarı Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunub. Beynəlxalq elmi tədbir Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Türkiyənin Karadeniz Teknik Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Pamukkale Universiteti, Macarıstanın Szechenyi Istvan Universiteti, eləcə də Ankara Hacı Bayram Veli Universiteti və Daşkənd Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Konfransın bir qismi onlayn formatda təşkil olunacaq. Əsas məqsəd mədəni irs və turizm sahəsində aparılan müasir tədqiqatların müzakirəsi, elmi fikir mübadiləsinin genişləndirilməsi və xüsusilə gənc tədqiqatçılar arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Konfrans çərçivəsində aşağıdakı istiqamətlər üzrə orijinal tədqiqat nəticələrini əks etdirən elmi məruzələr qəbul olunacaq: tarixi, arxeoloji və mədəni irsin nəzəri əsasları; mədəni irsin qorunması və turizmin inkişafı; ağıllı turizm və qonaqpərvərlik idarəçiliyində innovasiyalar; turizm və iqlim dəyişikliyi kontekstində dayanıqlılıq; davamlı turizmin iqtisadi, təhsil və geosiyasi aspektləri.

İştirakçılar 30 aprel 2026-cı il tarixədək çıxışlarının xülasəsini və ya tam mətnini göndərməlidirlər.

Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir və ətraflı məlumat universitetin rəsmi internet səhifəsində yerləşdirilib.

Konfrans çərçivəsində Naxçıvanın tarixi və turistik məkanlarına elmi-tanışlıq turlar da təşkil olunacaq.