Aprelin 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli yazıçı, şair və dramaturq Seyran Səxavətin 80 illik yubileyinə həsr olunmuş "Ay ilk məhəbbətim" adlı bədii-musiqili gecə təşkil olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə Milli Məclisin deputatları, mədəniyyət, ədəbiyyat xadimləri,  sənətsevərlər iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin yubilyara təbrik məktubu səsləndirilib.

Çıxış edənlər Seyran Səxavətin Azərbaycan ədəbiyyatına töhfələrindən, yaradıcılığının milli-mənəvi dəyərlərin qorunmasında rolundan və zəngin bədii irsindən danışıblar. Qeyd olunub ki, yazıçının əsərləri oxucular tərəfindən daim maraqla qarşılanır və müasir ədəbi prosesdə öz aktuallığını qoruyur.

Bədii hissədə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (baş dirijor Mustafa Aşurov, musiqi rəhbəri Mahir Ordubadi) çıxış edib.

Konsert proqramında Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib. Solistlərdən Elza Seyidcahan, Zeynal Əhmədov, Almaz Orucova, Könül Tağıyeva, Nizami Abdullayev, Cabir Abdullayev, Təşkilat Nəsirov, Sevinc Sarıyeva, Eldəniz Məmmədov və Vüsal Qasımov çıxış ediblər.

Təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirən Seyran Səxavət şeirlərini söyləyib.