Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqların və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Tibb fakültəsində, eləcə də SABAH qruplarında müasir tibb təhsili üçün yeni alınan kitabların təqdimatı olub.
Universitetdən verlən məlumata görə, rektor Elbrus İsayev müasir standartlara uyğun avadanlıqların tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə geniş imkanlar yaradacağını qeyd edib. Bildirib ki, laboratoriyaların yenilənməsi elmi tədqiqat işlərinin daha səmərəli təşkilinə və gələcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.
Fakültənin müxtəlif kabinə və texniki laboratoriyaları üçün müasir avadanlıq və reaktivlərin alındığı diqqətə çatdırılıb.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həmçinin NDU Elmi kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə 112 ədəd müasir kitab təqdim olunub. Bu nəşrlər tələbə və müəllimlərin elmi biliklərinin artırılmasına, müasir tibbi ədəbiyyata və tədrisi ingilis dilində olan ixtisaslarda dərsliklərdən istifadə imkanlarının genişlənməsinə şərait yaradacaq.























