İstanbul Universitetində Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas Əhməd bəy Ağaoğluna (1869, Şuşa – 1939, İstanbul) haqqında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” (Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu) adlı kitabın təqdimatı keçirilib.
Nəşr Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində ərsəyə gəlib.
Azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında hazırlanan kitabda Əhməd bəy Ağaoğlunun indiyədək araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirləri toplanıb. Kitabda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri də yer alıb.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul Universitetinin rektoru professor Osman Bülent, AMM-nin direktoru Samir Abbasov, ölkəmizin İstanbuldakı baş konsulluğunun konsulu Sevinc Süleymanova, Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rektor Osman Bülent Azərbaycan-Türkiyə qardaşlığı haqqında danışaraq, ötən əsrin əvvəllərində çox sayda azərbaycanlı fikir adamının Türkiyəyə köç edərək fəaliyyətlərini burada davam etdirdiyini bildirib. Bu insanların gələcəyin strategiyasında böyük rol oynadıqları, ölkələrimizin bugünkü baxışına istiqamət verdiyi vurğulanıb. AMM-nin layihəsini yüksək qiymətləndirən rektor bu istiqamətdə ortaq araşdırmaların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazir müavini Murad Hüseynov çıxışında Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək, mədəni əlaqələrimizin güclənməsinin, habelə Əhməd Ağaoğlu kimi düşüncə insanlarımızın həyat və fəaliyyətinin araşdırılmasının ortaq irsimizin davam etdirilməsi üçün əhəmiyyət daşıdığını deyib.
AMM-nin direktoru Samir Abbasov Türk dünyasının mədəniyyət paytaxtı Şuşada doğulmuş Əhməd bəy Ağaoğlunun yaradıcılığının həm Azərbaycan, həm də Türkiyənin ortaq mənəvi sərvəti olduğunu, onun maarifçilik fəaliyyəti, dünyəvi təhsilin yayılması, milli oyanış ideyalarının formalaşmasında xidmətlərini qeyd edib. S.Abbasov AMM-nin bu kimi layihələr çərçivəsində iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə töhfə verən, Türkiyədə yaşamış tanınmış azərbaycanlıların zəngin irsinin araşdırılması və geniş şəkildə tanıdılması istiqamətində işlər həyata keçiriləcəyini bildirib.
Səfirliyimizin müşaviri Füzuli Məcidli çıxışında Ağaoğlu mirasının bizim üçün düşüncə ideologiyası olduğunu qeyd edərək bu gün bu fəlsəfənin dövlətlərimiz arasındakı bağlarla ən bariz şəkildə nümayiş olunduğunu söyləyib.
Müəllif Dilqəm Əhməd kitabın hazırlanması, məzmunu və Əhməd Ağaoğlunun həyatı barədə iştirakçılara məlumat verib. Vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir.
İstanbul Universitetinin hüquq fakültəsinin dekanı professor Fethi Gedikli və bu ali təhsil müəssisəsinin tarix bölməsinin professoru Halil Bal çıxışlarında Əhməd bəy Ağaoğlu, eləcə də bu kimi mütəfəkkirlərin Türkiyə ilə Azərbaycan arasındakı tarixi bağların daha da möhkəmlənməsi istiqamətində xidmətləri haqqında danışıblar.
Tədbir çərçivəsində müəllif kitabı oxucular üçün imzalayıb.
Kitabın 20 nüsxəsi İstanbul Universitetinin kitabxanasına hədiyyə edilib.



























