Bakı Slavyan Universiteti Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və YAP Gənclər Birliyi ilə birgə “Müasir şəhərsalma vizyonu: ənənə və innovasiyanın harmoniyası” mövzusunda rəqəmsal ideya müsabiqəsi elan edib.

Universitetdən bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən müsabiqənin məqsədi gənclərin innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi, şəhərsalma və memarlıq sahəsində süni intellekt əsaslı yanaşmaların təşviqi və ölkəmizdə innovasiya ekosistemində iştirakçılığın artırılmasıdır.

Müraciət edəcək gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı olmaq şansını qazanacaq və onlar əsasında komandalar formalaşdırılacaq.

“Müasir şəhərsalma vizyonu: ənənə və innovasiyanın harmoniyası” rəqəmsal ideya müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, panel müzakirəsi, süni intellekt vörkşopu, hakaton, intellekt rinqi və layihələrin təqdimatından ibarət komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar və nəticələrə uyğun olaraq qaliblər mükafatlandırılacaq.

Müsabiqə çərçivəsində şəhər mühitində sosialyönümlü və real tətbiq potensialına malik süni intellektəsaslı rəqəmsal həll konseptlərinin hazırlanması, şəhər planlaşdırılması, nəqliyyat, ekoloji balans və ictimai məkanların idarə olunması istiqamətində gənclərin innovativ yanaşmalarının formalaşdırılması nəzərdə tutulur.

Rəqəmsal ideya müsabiqəsində iştirak etmək üçün qeydiyyat aprelin 4-dək aparılır.