Bakı Dövlət Universiteti (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında istehsalat təcrübəsində olublar.
Martın 31-də kitabxanada istehsalat təcrübəsinin yekun qiymətləndirmə mərhələsi keçirilib.
BDU-nun Kitabxanaçılıq və informasiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədovun da iştirak etdiyi tədbirdə tələbələrin praktik fəaliyyətlərinin nəticələri ümumiləşdirilib, müvafiq tövsiyələr verilib.
Tələbələrin istehsalat təcrübəsi müddətində əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib, onların peşə hazırlıq səviyyəsi müzakirə olunub.
Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tələbələrin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, onlara uğurlar arzulayıb.
Tədbirin məqsədi tələbələrin istehsalat təcrübəsi dövründə qazandıqları nəzəri və praktiki biliklərin qiymətləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və gələcək fəaliyyətini istiqamətləndirilməsi olub.





















