Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri təşkil olunub.
Tədbiri kitabxananın direktoru Aslan Cəfərov açaraq tariximizin ən faciəli və ağrılı səhifələrindən olan 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün təkcə hüzn günü deyil, eyni zamanda milli yaddaşımızı yaşatmağın və gələcək nəsillərə həqiqətləri çatdırmağın vacibliyini bir daha xatırladan gün olduğunu söyləyib. Qeyd edib ki, son iki əsrdə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. 1918-ci il soyqırımı zamanı minlərlə azərbaycanlı təkcə milli, irqi, dini mənsubiyyətinə görə deyil, həm də onların yaşadıqları torpaqların, coğrafi ərazilərin mənimsənilməsi məqsədilə amansızcasına qətlə yetirilib.
Aslan Cəfərov 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymətin verildiyini, 31 martın “Azərbaycanlıların Soyqırımı Günü”nün elan edildiyi, 2018-ci ildə - soyqırımın 100 illiyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını qeyd edib.
Tədbirdə iştirak edən tələbələr mövzu ətrafında çıxışlar edərək, 31 mart soyqırımının tarixi, səbəbləri, nəticələri və bu hadisələrin Azərbaycan xalqının taleyində oynadığı rol barədə fikirlərini bölüşüblər. Vurğulanıb ki, bu cür anım günləri gənclərin tarixə bağlılığını artırır və milli kimliyin qorunmasına xidmət edir.
İştirakçılar Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kitabxanada təşkil edilən ənənəvi kitab sərgisi ilə tanış olublar.
Elmi işlər üzrə direktor müavini Günay Həsənova sərgidəki nəşrlər, həmçinin kitabxana əməkdaşları tərəfindən hazırlanan “Tariximizin qanlı səhifəsi” adlı daycest haqqında məlumat verib.






















