Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı ilin “QS (Quacquarelli Symonds) sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə yer alıb.
Bu barədə AzMİU-dan məlumat verilib. Universitet nüfuzlu beynəlxalq reytinqdə 1 sahə (dizayn) üzrə təmsil olunub. AzMİU bu istiqamətdə reytinqə daxil olan ölkə üzrə yeganə ali təhsil müəssisəsi kimi çıxış edir. Bu göstərici AzMİU-nun dizayn təhsili sahəsində formalaşdırdığı güclü akademik baza, yaradıcı yanaşma və müasir tədris mühitinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
Ümumilikdə 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Cari ildə reytinqə daxil olan universitetlərin sayı təxminən 2 dəfə, təmsil olunan sahələrin sayı isə 4 dəfə artıb. Azərbaycan universitetlərinin nəticələrində müşahidə olunan bu müsbət dinamika ölkədə ali təhsilin keyfiyyətinin yüksəldiyini və beynəlxalq rəqabət qabiliyyətinin artdığını göstərir.
AzMİU-nun bu uğuru universitetin beynəlxalq akademik mühitdə mövqeyinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların mühüm nəticəsi kimi qiymətləndirilir.



















