1918-ci il mart ayının sonlarından başlayaraq Azərbaycanda erməni-daşnak silahlı dəstələri tərəfindən həyata keçirilən dəhşətli soyqırımı tariximizin və qan yaddaşımızın unudulmayacaq səhifəsidir.
Müxtəlif bölgələrdə törədilən kütləvi qətliamlar nəticəsində minlərlə Azərbaycan türkü, eləcə də digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib. Soyqırımı xüsusilə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində böyük qəddarlıqla həyata keçirilib. Dinc əhali kütləvi şəkildə məhv edilib, yaşayış məntəqələri dağıdılıb, milli-mədəni abidələr məhv edilib, on minlərlə insan doğma torpaqlarından didərgin salınıb.
Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı hadisələrə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Azərbaycan Milli Kitabxanasında 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilərək, erməni-daşnak silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliamların öyrənilməsi və gələcək nəsillərə çatdırılması, tarixi həqiqətlərinin işıqlandırılması məqsədilə virtual sərgi, elektron məlumat bazası və geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“31 mart – Tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı virtual sərgidə (https://anl.az/el/vsb/31_Mart_Soyqirimi/index.htm) rəsmi sənədlər, erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər, azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi və s. dəhşətli faciədən bəhs edən dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
“31 mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazasında (https://anl.az/soyqirim/ ) sistemləşdirilmiş tammətnli resurslar “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Soyqırım haqqında fikirlər”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırım yaddaşlarda” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.
Eyniadlı kitab sərgisində 1918-ci il türk-müsəlman əhalisinə qarşı soyqırımı və onun acı nəticələri, soyqırımına məruz qalan tarixi-mədəni irsimiz, arxiv materialları, soyqırımı və deportasiyaların ilkin mərhələləri haqqında tədqiqatlar, həmin dövrün mətbuat orqanlarının materialları əsasında və işğalçılarla döyüşmüş insanların, hadisələrin şahidlərinin xatirələri əsasında nəşr olunan kitablar, zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamlardan bəhs edən ədəbiyyatlar nümayiş olunur.






















