Bakı Xoreoqrafiya Akademiyası (BXA) Qazaxıstanın Almatı şəhərində 25–27 mart tarixlərində keçirilən 7-ci "Örley (Yüksəliş) – Türk rəqslərinin sədası” beynəlxalq festivalında ölkəmizi uğurla təmsil edib.

Akademiyadan verilən məlumata görə, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin müxtəlif ölkələrdən türk xalqları rəqs qruplarının qatıldığı festivalda BXA-nın xarici əlaqələr üzrə prorektoru Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekan müavini Əməkdar artist Gülməmməd Şahverdiyev və tələbələr iştirak ediblər.

Almatı Xoreoqrafiya Məktəbinin əsas təşkilatçı olduğu ənənəvi festival bu il görkəmli qazax şairi, yazıçısı və ictimai xadimi Oljas Süleymenovun 90 illiyinə həsr edilib. Beynəlxalq tədbirin iştirakçıları türk xalqlarının zəngin rəqs mədəniyyətini nümayiş etdirərək mədəni mübadilənin genişlənməsinə töhfə veriblər.

Əməkdar artist Gülməmməd Şahverdiyevin quruluş verdiyi "Qarabağ" yallısı və "Sarı gəlin" rəqsini ifa edərək tamaşaçıların böyük rəğbətini qazanan BXA-nın tələbələri festivalın təşkilatçıları tərəfindən sertifikatlarla təltif olunublar.

Tədbir çərçivəsində “Türk rəqsləri: keçmişlə gələcək arasında körpü” mövzusunda ustad dərsləri, elmi-praktik müzakirələr və dəyirmi masa təşkil edilib. Xalq artisti Təranə Muradovanın keçdiyi ustad dərsləri və dəyirmi masada çıxışı Azərbaycan rəqs sənətinin tarixi inkişaf mərhələlərinə, onun estetik xüsusiyyətlərinə və müasir dövrdəki transformasiyalarına həsr olunub.

Təranə Muradova festivalın təşkilatçılarından olan Avrasiya Mədəniyyət Fondunun “Mədəniyyət xadimi” fəxri adı və medalı ilə təltif edilib. Bu mükafat ona mədəniyyət sahəsindəki yüksək xidmətlərinə, eləcə də festivalda fəal iştirakına görə təqdim olunub. 

Qeyd edək ki, BXA heyətinin festivalda iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.