Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib.

Xarici Ədəbiyyat Milli Kitabxanasında qonaqları direktor İstvan Horvath qarşılayaraq müəssisənin fəaliyyəti, strukturu və zəngin kitab fondları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabxana müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatın toplanması və oxuculara təqdim olunması baxımından mühüm mədəniyyət ocaqlarından biridir və beynəlxalq ədəbi əlaqələrin inkişafında xüsusi rol oynayır. Hazırda kitabxananın fondunda müxtəlif dünya xalqlarının dillərində 400 mindən çox ədəbiyyat vardır.

Professor Kərim Tahirov kitabxananın müxtəlif bölmələri ilə yaxından tanış olub. Musiqi bölməsində nadir not materialları, musiqi nəşrləri və audio arxivlər təqdim olunub. Bölmədə Azərbaycan musiqisinə dair not materialları və səsyazıları da var.

Kərim Tahirov tez bir zamanda kitabxanaya yeni musiqi və not materiallarının göndəriləcəyini bildirib.

Oxu zalında istifadəçilər üçün yaradılmış geniş imkanlar və elektron resurslara çıxış imkanları barədə də məlumat verilib. Xarici ədəbiyyat zalında isə dünya ədəbiyyatının klassik və müasir nümunələrinin zəngin kolleksiyası nümayiş etdirilib.

Daha sonra Kərim Tahirov Macarıstan Parlament Kitabxanasını ziyarət edib. Qeyd olunub ki, kitabxana Macarıstan Parlamenti binasının tərkibində fəaliyyət göstərir və ölkənin ən mühüm elmi-informasiya mərkəzlərindən biridir. Kitabxananın fondlarında hüquq, siyasət, tarix və ictimai elmlər üzrə zəngin ədəbiyyat toplanıb və tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.

Parlament Kitabxanasının rəhbəri Szollas Peter bildirib ki, kitabxana həm ənənəvi fondlarla, həm də geniş elektron resurs bazası ilə oxuculara xidmət göstərir və müasir informasiya sistemlərinə malikdir. Parlament binası ilə yaxından tanış olan Kərim Tahirova burada tarixi və mədəni əhəmiyyət daşıyan zallar haqqında məlumat verilib.

Səfər çərçivəsində kitabxana işi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə kitab mübadiləsi, rəqəmsallaşdırma, elmi resursların paylaşılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub. Parlament Kitabxanasında Azərbaycana aid materialların olmadığını diqqətə çatdıran Kərim Tahirov kitab mübadiləsinin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu bildirib.

Kərim Tahirova Macarıstan Parlament Kitabxanası tərəfindən nəşrlər hədiyyə olunub.

Professor Kərim Tahirov qonaqpərvərliyə görə təşəkkürünü bildirib və bu cür görüşlərin Azərbaycanla Macarıstan arasında elmi və mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini vurğulayıb.

Səfərin sonunda xatirə şəkilləri çəkdirilib və gələcək əməkdaşlıqla bağlı qarşılıqlı niyyət ifadə olunub.