Tarixdəki olaylar

 

23 mart 1920 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, sayca beşinci hökumət koalisiyası ixtilaf nəticəsində parçalanıb. Beşinci koalisiya hökuməti (baş nazir Nəsib bəy Yusifbəyli) 1919-cu ilin dekabrında qurulmuşdu. Sosialist Əhməd bəy Pepinov (əmək və torpaq işləri naziri) hökumətdən istefa verib. Ondan sonra partiyadaşı Camo Hacinski (poçt-teleqraf naziri) istefa verib və sosialist fraksiyası hökumət koalisiyasını tərk edib. Onun ardınca “İttihad” fraksiyası (iki nazir) da koalisiyanı tərk etdiyini bəyan edib.

 

23 mart 1943 – Alman faşistləri Belarusun Xatın kəndində qətliam törədiblər. Kənd əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət əhalisi ilə birlikdə yandırılıb, 149 nəfər, o cümlədən 75 uşaq qətlə yetirilib.

 

23 mart 1947 – Britaniyanın Hindistan üzərində müstəmləkəsi dağılandan sonra Pakistan da müstəqilliyini elan edib. 1956-cı ildən Pakistan İslam Respublikası adlanır. Hindistanla Pakistanın ayrılması münaqişəsiz ötüşmədi, 1965 və 1971-ci illərdə iki ölkə arasında müharibə baş verdi. Münaqişəli Kəşmir məsələsi indiyədək həll edilməyib.

 

23 mart 1992 – Azərbaycan Koreya Respublikası, Salvador və Somali dövlətləri ilə diplomatik münasibətləri qurub.

 

23 mart 2000 – Prezident Heydər Əliyevin Gürcüstana səfəri gedişində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tranzit tarifi bağlı Gürcüstanla yaranmış problem çözülüb. Gürcü tərəf tranzit üçün daha çox pul tələb edirdi. Azərbaycan layihənin reallaşması naminə boru xəttindən öz payına düşəcək nəql tarifi haqqından Gürcüstanın xeyrinə imtina edib.

 

23 mart 2004 – Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən "Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Azərbaycanın Özbəkistandakı Səfirliyinin yeni binasının, Daşkənddə Nizami Gəncəvinin abidəsinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Heydər Əliyev adına küçənin açılışı keçirilib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

23 mart 1826 – Çex əsilli Avstriya bəstəkarı Lüdviq (Ludwig) Minkus (1826 – 7.12.1917) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.

 

23 mart 1875 – Türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp; 1875 – 25.10.1924) Diyarbəkirdə doğulub.

 

23 mart 1881 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1937) Roje Marten dü Qar (Roger Martin du Gard; 1881 – 22.8.1958) anadan olub.

 

23 mart 1910 – Yapon kinorejissoru Akira Kurosava (1910 – 6.8.1998) anadan olub. “Yeddi samuray”, “Dersu Uzala” və s. flimlərə quruluş verib. 

 

23 mart 1915 – Azərbaycanın Xalq artisti, tanınmış rəqqas Əlibaba Əbdül oğlu Abdullayev (1915 – 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. Filmlərdə rəqslərin quruluşçusu olub.

 

23 mart 1920 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 – 8.2.1992) Şuşada anadan olub. İlk milli uşaq baleti (“Qaraca qız”), musiqili komediyalar, simfonik əsərlər və mahnıların  müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) rektoru (1953–1957) olub.

 

23 mart 1929 – Əməkdar artist, vokalçı Firuzə Ramazan qızı Muradova (1929–1987) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.

 

23 mart 1930 – Əməkdar artist Şəfiqə Şirməmməd qızı Axundova (1930–2005) Lənkəranda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktrisası olub.

 

23 mart 1942 – Əməkdar artist Rza Darablı (Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883–1942) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Teatrında aktyor kimi çıxış edib, filmlərə çəkilib.

 

23 mart 1957 – Əməkdar mədəniyyət işçisi, şair İsmayıl Cabir oğlu Dadaşov (1957 – 22.10.2020) anadan olub. “Azərbaycanfilm”də musiqi redaktoru işləyib.

 

Hazırladı: Vüqar Orxan