Tanınmış xanəndə, opera müğənnisi, Əməkdar artist, Prezident təqaüdçüsü Raziyyə Şirinova martın 20-də, ömrünün 86-cı ilində vəfat edib.

Raziyyə Şirinova 1940-cı ildə anadan olub. "Lalə" qızlar ansamblının üzvü, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının opera truppasına qəbul edilib. 2005-ci ilə kimi teatrda çalışıb. "Əsli və Kərəm" operasında Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış edib.

Xanəndənin ifasında bir çox muğamlar, xalq və bəstəkar mahnıları televiziya və radionun fondunda saxlanılır.

Azərbaycanın mədəni həyatında böyük xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə (2005) layiq görülüb, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adına (2006) layiq görülüb.

Allah rəhmət eləsin.