Martın 17-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İlaxır çərşənbələrdən sonuncusu – Torpaq çərşənbəsi münasibətilə “Milli dəyərlərimiz” adlı tədbir keçirilib.
Tədbir paytaxtdakı S.S.Axundov adına 172 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Kitabxananın direktoru Şəhla Qəmbərova giriş sözündə məktəbliləri İlaxır çərşənbə münasibətilə təbrik edib, Novruz bayramı, Novruz çərşənbələrinin mahiyyəti və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə danışıb.
Daha sonra uşaq yazıçısı Mehriban Nağıyeva bahar fəsli və Novruz bayramı mövzusunda şeirlərini söyləyib, şagirdlərlə səmimi ünsiyyət quraraq onların suallarını cavablandırıb.
Müəllif öz kitablarını məktəblilərə hədiyyə edib və birgə mütaliə təşkil olunub.
Tədbirin bədii hissəsində şagirdlər Novruz bayramının personajları Kosa, Keçəl və Bahar qızı obrazlarında maraqlı səhnəciklər təqdim ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara milli-mənəvi dəyərlərin, Novruz ənənələrinin və İlaxır çərşənbənin mahiyyətinin aşılanması, onların mütaliəyə marağının artırılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.






















