Martın 23-də Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi tamam olacaq.

Milli Kitabxanada yubiley münasibətilə “Şair-nasir Seyran Səxavət” adlı sərgi təşkil edilib. 

Sərgidə Seyran Səxavətin poeziya və nəsr əsərləri, pyesləri bə tərcümələrindən ibarət kitablar nümayiş olunub.

Həmçinin yubilyarın həyat və yaradıcılığını əks etdirən Azərbaycan və rus dilində ədəbiyyat, dövri mətbuat materialları sərgilənib.

***

Milli Kitabxanada təşkil edilən daha bir sərgi AMEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas, Nizamişünaslıq sahəsində tanınmış tədqiqatçı, professor Nüşabə Araslının martın 25-də tamam olacaq 85 illik yubileyinə həsr edilib.

Kitabxanadan bildirilib ki, sərgidə alimin əsərləri, həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən ədəbiyyat yer alıb.

Professor Nüşabə Araslı uzun illər Azərbaycan ədəbiyyatının, xüsusilə Nizami Gəncəvinin yaradıcılığının araşdırılması ilə məşğul olub. Alimin elmi fəaliyyətinin əsas istiqamətləri qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik poeziyanın Şərq xalqları ədəbiyyatları ilə qarşılıqlı əlaqələri və tipologiyası, Xaqani, Nəsimi, Xətai, Füzuli kimi şairlərin ədəbi irsinin tədqiqini əhatə edir.