Naxçıvan Dövlət Universitetində xanəndəlik ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Muğamımız məqamımızdır” adlı konsert proqramı təşkil olunub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Orkestr alətləri və dirijorluq və Xalq çalğı alətləri kafedralarının təşəbbüsü ilə keçirilən konsertdə Azərbaycan muğam sənətinin klassik nümunələrindən olan “Zabul segah” dəsgahı səsləndirilib.
Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, dosent Mübariz Əsgərov çıxışında bildirib ki, kafedranın muxtar respublikada və paytaxt Bakıda şəhərində bir sıra konsertləri keçirilib. Bugünkü konsert isə ilk dəfə olaraq məhz xanəndəlik ixtisası üzrə təhsil alan tələbələr tərəfindən təşkil edilib.
Xalq çalğı alətləri kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vahid Məmmədov muğam haqqında söz açıb, Azərbaycan muğamının UNESCO-da qeyri-maddi mədəni irs üzrə siyahıya daxil edildiyini diqqətə çatdırıb.
Konsert proqramının yekununda universitetin rektoru Elbrus İsayev çıxış edərək tələbələrə fəaliyyətlərində uğurlar arzulayıb. Xanəndəliyin böyük ustalıq və zəhmət tələb etdiyini vurğulayan rektor tələbələrin və universitetin yetirmələri olan digər ifaçıların muğam sənətinin incəliklərini peşəkarcasına təqdim etdiklərini deyib.
Qeyd edək ki, NDU-da xanəndəlik ixtisası üzrə tədris 5 il əvvəl başlanıb.























