Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə martın 16-da Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

İclasda diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və bərpa edilərək istifadəyə verilib, hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insan yaşayır və fəaliyyət göstərir. 

Samir Nuriyev tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

İclasda Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub, məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhəri və Hadrut qəsəbəsinin Baş planları ilə tanış olublar. Xocavənd şəhərində təmir olunmuş fərdi evlərə, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinə və Quzeyxırman kəndində aparılan təmir-bərpa işlərinə əyani baxış keçirilib. Hadrutda turizm inkişaf konsepsiyası təqdim olunub, təmir edilməsi nəzərdə tutulan mehmanxana layihəsi ilə bağlı məlumat təqdim edilib.

Xocavənd rayonunda bağçılıq təsərrüfatına və Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna da baxış keçirilib.

Səfər zamanı Hadrut məscidi ziyarət edilib. Həmçinin Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub və ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.