AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda tələbələr üçün “Əlyazma kitablarda bədii cild sənəti” mövzusunda seminar-mühazirə təşkil edilib.
İnstitutdan bildirilib ki, AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində tədbirlər çərçivəsində reallaşan seminara Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin tələbələri, “Könüllülük” layihəsinin iştirakçıları qatılıb.
Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov bədii cild sənətindən, institutda qorunub saxlanılan əlyazma kitablarının bərpası prosesindən, onların bədii tərtibatından danışıb, bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı slayd əsasında tələbələrə nümayiş etdirib. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.






















