"PASHA Holding" tərəfindən Avstriyanın dünyaca məşhur "Bösendorfer" firmasına məxsus iki ədəd konsert royalı M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına hədiyyə olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 14-də filarmoniyada royalların təqdimatına həsr edilən təntənəli mərasim keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, tanınmış musiqi xadimləri iştirak ediblər.

Çıxışlarda ölkəmizdə dövlət tərəfindən musiqi mədəniyyətinin inkişafına göstərilən qayğıdan, gənc istedadların üzə çıxarılması məqsədilə həyata keçirilən layihələrdən danışılıb.

Qeyd olunub ki, "PASHA Holding" Azərbaycan mədəniyyətinin inkişafı üçün öz qayğısını əsirgəmir.
Dünyanın məşhur brendlərindən olan "Bösendorfer" firmasına məxsus royalların filarmoniyaya hədiyyəsi bu qayğının bariz göstəricisidir. Vurğulanıb ki, yüksək keyfiyyəti ilə seçilən royalların filarmoniya səhnəsinə gətirilməsi bütövlükdə ölkəmizin musiqi həyatında mühüm hadisədir və gələcək konsertlərin daha yüksək bədii səviyyədə təqdim olunmasına töhfə verəcək. Bu diqqətəlayiq təşəbbüsə görə holdinqin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Sonra mərasim konsert proqramı ilə davam edib.

Konsert gənc və istedadlı pianoçu Tamerlan Məmmədovun ifasında E.Qriqin “Yolsterdən rəqs” əsəri ilə açılıb. Parlaq və emosional ifa dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra Bakı şəhər Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbinin şagirdi Mədinə Paşayeva Ə.Mustafazadənin “Ürək döyüntüsü” əsərini məharətlə ifa edərək dinləyicilərin könlünü oxşayıb.

S.İbrahimovanın iki piano üçün yazdığı “Azərbaycan təranələri” əsəri Xalq artistləri Murad Hüseynov və Murad Adıgözəlzadənin parlaq təfsirində dinləyicilərə təqdim olunub.

Konsertdə səslənən G.Faurenin “Dolly” silsiləsindən pyeslər, eləcə də F.Əmirovun "Min bir gecə" baletindən fraqmentlər də böyük alqış doğurub.

Müxtəlif nəsillərə mənsub ifaçıların bir səhnəni bölüşdüyü möhtəşəm musiqili tədbir iştirakçıların zövqünü oxşayıb, yaddaşlarda silinməz iz buraxıb.

Qeyd edək ki, “Bösendorfer” şirkəti 1828-ci ildə Avstriyanın Vyana şəhərində yaradılıb və bu gün dünyanın ən nüfuzlu fortepiano istehsalçılarından hesab olunur. Şirkətin konsert royalları zəngin tembr palitrası və yüksək akustik keyfiyyəti ilə seçilir, əsasən əl əməyi ilə eksklüziv hazırlanır. Məhz bu xüsusiyyətlərinə görə “Bösendorfer” alətləri dünyanın aparıcı bədii kollektivləri tərəfindən məşhur konsert salonlarında istifadə edilir.