Martın 12-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Birinci Türkoloji Qurultayın (1926) 100 illiyinə və dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə regional idarədən məlumat verilib.

Gəncədəki Nizami Gəncəvi Muzeyində təşkil olunan tədbirdə Gəncə-Daşkəsən RMİ-nin rəisi Nail Məmmədov, Gəncə şəhər icra başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, AMEA Gəncə Bölməsi sədrinin müavini Əlimuxtar Muxtarov, mədəniyyət xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək böyük mütəfəkkirin xatirəsini ehtiramla yad ediblər.

Mövzu ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçirilib.

Rəsmi hissədə çıxış edənlər Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, bu mühüm hadisənin türk xalqları arasında elmi əməkdaşlığa töhfələrindən bəhs ediblər.

Çıxışlarda Nizami Gəncəvinin zəngin ədəbi irsinin dünya ədəbiyyatında xüsusi yeri, humanist ideyaları və bəşəri dəyərləri əks etdirən yaradıcılığı haqqında fikirlər səsləndirilib. Bildirilib ki, mütəfəkkir şairin yaradıcılığı əsrlərdir insanları mənəvi kamilliyə, ədalətə və humanizmə səsləyir, onun əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır.

Dahi şairin zəngin irsinin təbliği, eyni zamanda Türk dünyasının ortaq elmi və mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılması məqsədilə təşkil edilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.